REGİONLARIN İNKİŞAFINA QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ədliyyə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsmayıllı və Şəki rayonlarında bütün ətraf bölgədən olan sakinlərin qəbulunu keçirən nazir tərəfindən ucqar kəndlərdə əhali ilə çoxsaylı görüşlər təşkil edilmiş, onların qayğıları ilə maraqlanılaraq, qaldırılan problemlər yerində həllini tapmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci ildə Şəkiyə səfəri zamanı rayonun Kiş kəndində yeni məktəb binasının tikilməsi barədə tapşırığına əsasən artıq inşası başa çatdırılan, ən müasir tələblərə cavab verən təhsil ocağının binasında son tamamlama işləri ilə tanış olan nazirə, rayonun dağ kəndləri sakinlərinin müraciəti ilə əlaqədar ölkəmizin Prezidenti İlham Əliyevin göstərişinə əsasən Şin çayı üzərindən böyük körpünün tikintisi üzrə görülən konkret tədbirlər barədə məlumat verilmişdir.
Ədliyyə naziri Oxud kənd sakinlərinin müraciətlərinə əsasən bərpa olunduqdan sonra istifadəyə verilən məktəbə baş çəkərək, təmir-tikinti işinin nəticələri ilə maraqlanmış, müəllim və şagirdlərlə görüşmüş, təhsil ocağına müasir avadanlıq hədiyyə etmişdir. Məktəbin əsaslı təmirinə və göstərilən qayğıya görə, ədliyyə nazirinə və görüşdə iştirak edən Beynəlxalq Bankın prezidenti C.Hacıyevə minnətdarlıqlarını bildirən kənd sakinləri, regionların inkişafına xüsusi qayğı göstərən dövlətimizin başçısına dərin ehtiramlarını ifadə etmişlər.
İsmayıllı rayonunda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olan nazir, dahi öndərimiz Heydər Əliyevin məhkəmələrin yüksək statuslarına uyğun binalarla təmin edilməsi barədə Fərmanına əsasən bu rayonun məhkəməsi, habelə ədliyyə orqanları üçün ayrılan yeni binaya baxış keçirmiş, görülməli təmir-tikinti işləri ilə maraqlanmışdır.
Səfər çərçivəsində Şəkidə Balakən, Zaqatala, Qax, Oğuz, Yevlax rayon və Mingəçevir şəhər, İsmayıllıda isə Qəbələ, Şamaxı, Qobustan, Ağsu, Göyçay və Ağdaş rayonlarının ədliyyə işçilərinin, hakimlərin, yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakı ilə geniş zona müşavirələri keçirilmişdir.
Tədbirlərdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatların mütərəqqi mahiyyətini qeyd etmiş, onun müəyyənləşdirdiyi dövlət inkişafı kursunun ölkəmizin Prezidenti İlham Əliyevin layiqincə davam etdirdiyini vurğulamışdır.
Əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısının fərmanları ilə ədliyyə orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirən nazir bu sahədə qarşıda duran vəzifələri qeyd etmiş, vətəndaşların müraciətlərinə həssas münasibət göstərilməsinin hər bir ədliyyə işçisinin ən mühüm vəzifəsi olduğunu bildirmişdir.
Müşavirələrdə dövlətimizin başçısının yerli sahibkarlarla görüşü zamanı ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində qeyd etdiyi nöqsanların aradan qaldırılması üzrə görülən qəti tədbirlərə toxunulmuş, ədliyyə və məhkəmə sistemində yalnız mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə görə fərqlənən şəxslərin işləməsinin zəruriliyi vurğulanmışdır.
Həmçinin, səfər çərçivəsində yerli ictimai birliklərin nümayəndələri ilə görüş keçirilərək, onların problemləri ilə maraqlanılmış, dövlət qeydiyyatına yeni alınmış ictimai təşkilatlara şəhadətnamələr təqdim edilmiş, ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilmiş, xidmətdə fərqlənən bir sıra əməkdaşların mükafatlandırılması, o cümlədən vəzifədə irəli çəkilməsi barədə qərarlar qəbul edilmişdir.