Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü ildə imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” Ağdaş rayonunda da böyük razılıqla qarşılanmış və adamların sabaha inamını artırmışdır. Bu mühüm tarixi sənəd rayonda görülən işləri daha da sürətləndirmişdir. İcra Hakimiyyətində icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə-müəssisə rəhbərlərinin və digər təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş yığıncaqda dövlət proqramının rayonda icrası üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar 11 nəfərdən ibarət komissiya yaradılmış və tədbirlər planı hazırlanmışdır. Proqramın icrasını sürətləndirmək üçün 4 işçi qrupu yaradılmışdır.
Yığıncaqda qeyd olunmuşdur ki, rayonda hazırkı sosial-iqtisadi durum iqtisadi inkişafın 4 ildə daha yüksək səviyyəyə qaldırmasına imkan verir.