Rəhman Rəhmanov: Teatr mədəniyyət siyasətimizin ən vacib istiqamətlərindən biridir
Bakı, 9 mart, AZƏRTAC
Peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə başçısının teatra və teatr fədailərinə sevgi və diqqətinin təzahürüdür.
Sözsüz ki, bu qayğı, teatrda çalışanların sevincinə şərik olmaq bizləri stimullaşdırmaqla yanaşı, yaradıcılıq əzmimizi də artırır.
Bu sözləri Milli Teatr Günü ərəfəsində AZƏRTAC-a açıqlamasında Əməkdar artist Rəhman Rəhmanov deyib.
“Ömrümün 40 ildən artıq bir dövrünü kukla sənətinə həsr etmişəm və heç vaxt ondan ayrı düşməmişəm. Çünki kuklaçı aktyor olmaq, balaca tamaşaçılar qarşısında çıxış etmək mənim üçün, ümumən biz kuklaçılar üçün hər zaman maraqlı və sevinclidir. Axı balaca balaların saf gülüşləri, məsum baxışları, təmənnasız sevgiləri var. Onu da nəzərə alın ki, onlar həm də çox diqqətli və tələbkar tamaşaçılardır. Sevinirəm ki, hər zaman olduğu kimi bu gün də kukla teatrına, kukla səhnə sənəti nümunələrinə belə böyük tamaşaçı marağı var və zəngin milli teatr tariximizin 90 ilindən atıq bir dönəmində təmsilçisi olduğum Azərbaycan Dövlət Kukla Teatrının öz xüsusi yeri var”,- deyə Əməkdar artist bildirib.
Bunun heç də təsadüfi olmadığını söyləyən R.Rəhmanov deyib ki, son 30 il təkcə onlar üçün yox, ümumən milli teatrımızın inkişafında xüsusi yer tutur. Çünki bu müddətdə Azərbaycanda teatr sənəti daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub, saysız beynəlxalq teatr festivallarına qatılaraq milli səhnə sənətimizin şöhrətini ölkəmizin sərhədlərindən kənarda da göstərib. Dünyada daha çox tanınıb, beynəlxalq səhnələri fəth edib. Bu işdə teatrın inkişafı ilə bağlı müvafiq Dövlət proqramının böyük rolu oldu. Təsadüfi deyil ki, proqram sayəsində əksər teatr binaları əsaslı təmir-bərpa olundu, onların maddi-texniki bazaları möhkəmləndirildi, dünya standartları səviyyəsinə qalxdı.
Rəhman Rəhmanovun sözlərinə görə, sərf olunan əmək heç də bəhrəsiz qalmayıb. Teatrlarımız beynəlxalq festivallarda təmsil olunub, ölkəmizdə bir-birindən maraqlı teatr festivalı, konfrans və simpoziumları keçirilib. Teatrlarımızın repertuarı daha da zənginləşib, kadr potensialı yenilənib.
“Bu müddət ərzində biz dövlət başçımızın daimi diqqət və qayğısı ilə əhatə olunduq. Ümumən teatrın mədəniyyət siyasətimizin vacib istiqaməti kimi daim ön planda olması biz teatr təmsilçilərini çox sevindirir. Bunun davamı olaraq dövlətimizin başçısının Azərbaycan peşəkar milli teatrın yaradılmasının 150 illik yubileyi ilə bağlı Sərəncam imzaladı. Bu özlüyündə teatrımızın gələcək inkişaf strategiyasını müəyyən etməklə yanaşı, teatrın dövlətimizin mədəniyyət siyasətində tutduğu əhəmiyyətli yerin göstəricisinə çevrildi”, - deyə Əməkdar artist Rəhman Rəhmanov vurğulayıb.