Rektor: MDB ölkələrində islamşünaslıq forumu gələcək tədqiqatlara stimul verəcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum işə başlayıb. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin ruhlarına hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Forumda çıxış edən Aİİ rektoru dosent Aqil Şirinov müstəqil Azərbaycanda islamşünaslığa dövlət səviyyəsində önəm verildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu sahənin ayrıca bir ixtisas kimi tədris olunması deyilənlərə nümunədir.
Rektor bildirib ki, Forumun əsas məqsədlərindən biri dünyanın bir çox ölkəsindən tədqiqatçıların islamşünaslıq sahəsindəki araşdırmaları ilə tanış olmaqdır. Tədbir alimlər arasında yeni əməkdaşlığın qurulması və fikir mübadiləsi baxımından müvafiq sahədə gələcək tədqiqatlara stimul verəcək.
Açılış mərasimində, həmçinin “İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış ediblər.
Çıxış edənlər Forumun qarşıya qoyduğu məqsədə çatacağına ümidvar olduqlarını bildiriblər.