Rəqəmsal platformalarda milli dillərin linqvistik suverenliyi araşdırılır
Bakı, 3 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal platformada dilin linqvistik suverenlik səviyyəsinin qiymətləndirilməsi məsələləri tədqiq edilir.
Bu barədə AZƏRTAC-a institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova məlumat verib. O, XXI əsrdə dil, texnologiya və cəmiyyət arasındakı münasibətlərin qloballaşma və rəqəmsal innovasiyalar nəticəsində köklü şəkildə dəyişdiyini, dilin artıq yalnız coğrafi sərhədlərlə məhdudlaşmadığını və qlobal rəqəmsal şəbəkələrdə formalaşdığını bildirib. Qeyd edib ki, rəqəmsal mühit əsas kommunikasiya platforması kimi yeni imkanlar və çağırışlar yaradır, qloballaşmanın təzyiqləri isə milli dillərin zəifləməsinə və assimilyasiya riskinin artmasına səbəb olur. Ə.Qurbanova rəqəmsal texnologiyaların və qlobal platformaların sürətlə genişlənməsinin dil siyasəti baxımından dominant dillərin üstünlüyünü artırdığını və mədəni müxtəliflik üçün təhdid yaratdığını vurğulayıb. O, rəqəmsal texnologiyaların milli dillərin rəqəmsal resurslarının yaradılması üçün güclü alət olduğunu qeyd edib. Bildirib ki, linqvistik suverenliyin qorunması yalnız dil siyasəti və qanunvericiliklə deyil, həm də milli dillərin rəqəmsal məkana inteqrasiyası və texnoloji dəstəklə sıx bağlıdır.
Tədqiqatçı işin əsas məqsədinin rəqəmsal platformada milli dillərin qorunması, istifadəsi və inkişafı istiqamətində rəqəmsal transformasiyanın gətirdiyi problemlərin, mövcud yanaşmaların təhlil edilməsi və perspektivlərin müəyyənləşdirilməsi, o cümlədən rəqəmsal platformada dillərin suverenlik səviyyəsinin qiymətləndirilməsi üçün indeksin təklif edilməsi olduğunu diqqətə çatdırıb.