Rəşad Xalıqov: Gənclərin İKT sahəsində peşəkar bacarıqlara yiyələnməsi üçün layihələr həyata keçiririk
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanda rəqəmsal inkişafın prioritetlərini və istiqamətlərini müəyyənləşdirən Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində gənclərin İKT sahəsində bilik və bacarıqlarının artırılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu baxımdan “İKT Karyera Sərgisi” kimi platformalar gənclərin, universitetlərin və şirkətlərin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov deyib.
Sədr müavini bildirib ki, builki sərgiyə 9 mindən çox gənc müraciət edib ki, bu da ölkədə İKT sahəsinə marağın sürətlə artdığını göstərir. Onun sözlərinə görə, sərginin əsas məqsədi universitetlər, şirkətlər və digər təşkilatlar ilə gənclər arasında əlaqə yaratmaq, işəgötürənlərin tələb etdiyi bacarıqların gənclərdə formalaşdırılmasına dəstək olmaqdır.
“İKT sahəsində fəaliyyət göstərən gənclərin bilik və bacarıqlarının artırılması üçün agentlik olaraq müxtəlif formatlarda proqramlar həyata keçiririk. Bu proqramlar həm qısa, həm də uzunmüddətli olur və sonda gənclərin işlə təmin olunması üçün əlavə dəstək mexanizmləri tətbiq edilir”, – deyə Rəşad Xalıqov bildirib.
O qeyd edib ki, belə karyera sərgiləri gələcək illərdə də mütəmadi olaraq təşkil ediləcək: “Mövsümün sonunda keçirilən sərgilər gənclərin əldə etdikləri bilikləri praktik mühitdə təqdim etməsinə, işəgötürənlərin isə potensial kadrlara dair daha dəqiq məlumat əldə etməsinə imkan yaradır. Biz işəgötürən deyilik, lakin innovasiya qurumu olaraq gənclərin İKT sahəsində peşəkar bacarıqlara yiyələnməsi üçün layihələr həyata keçiririk. Məqsədimiz onların yerli və beynəlxalq şirkətlərdə iş tapa bilməsi, həmçinin yüksəksəviyyəli məhsul və xidmətlər yaratmaq üçün tələb olunan səriştələri əldə etməsidir”.
Rəşad Xalıqov əlavə edib ki, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində icra olunan proqramlar nəticəsində yüzlərlə gənc müxtəlif şirkətlərdə iş imkanları əldə edib və bu proses davam etdirilir.