Rəsm sərgisində sağlamlıq imkanları məhdud şagirdlərin də əl işləri yer alıb
Şirvan, 20 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda “Şagirdlərin rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi, təlim və müsabiqələrin təşkili üzrə inklüziv qrupların yaradılması” layihəsi çərçivəsində 3 ay ərzində həyata keçirilən rəsm təlimi uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə təşkil olunmuş VI qrant müsabiqə”sinin qalibi olan layihədə 160 gənc rəssam, o cümlədən 13 sağlamlıq imkanları məhdud şagird iştirak edib.
“Şuşa İli” ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, həm də layihənin başa çatması münasibətilə Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbdə rəsm sərgisi açılıb. Sərgidə Şirvan, Salyan, Hacıqabul məktəblərinin istedadlı şagirdlərinin, sağlamlıq imkanları məhdud şəxslərin Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmləri sərgilənib. Tədbirdə şəhər icra hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının rəhbərliyi, şəhid ailələri, məktəblilər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edilib. Ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyi, sağlamlıq imkanları məhdud olan gənclərin dəstəkləndiyi qeyd edilərək Şirvanda da bu səpkili layihələrin uğurla icra olunduğu bildirilib.