Respublika elmi seminarında geoloji risklərin qiymətləndirilməsindən danışılıb
Bakı, 11 mart, AZƏRTAC
Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar neft və qazın axtarış-kəşfiyyatı zamanı geoloji risklərin qiymətləndirilməsinə həsr edilib.
Tədbiri institutun direktoru, akademik Akif Əlizadə açaraq karbohidrogen resurslarının axtarış-kəşfiyyat işlərinin uzunmüddətli planlaşdırılması üçün geoloji risklərin qiymətləndirilməsində daha ətraflı və sabit yanaşmanın zərurətini qeyd edib, bu sahədə yüksək hazırlıqlı mütəxəssislərin tələb olunduğunu bildirib.
Seminarda geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Elçin Bağırov axtarış-kəşfiyyat işlərinin geoloji parametrlərinin və risklərin müxtəlif səviyyələrdə qiymətləndirildiyi çoxmərhələli proseslərlə bağlı təqdimatla çıxış edib. O bildirib ki, hər səviyyədə (hövzələr, çöküntü kompleksləri və ya ayrı-ayrı sahələrdə) geoloji risklərin keyfiyyətcə və kəmiyyətcə qiymətləndirilməsi üçün metodika hazırlanıb. Ana süxurların, rezervuar laylarının, flyuidləri saxlayan etibarlı örtük laylarının mövcudluğu, rezervuarların kollektor xüsusiyyətləri, karbohidrogenlərin tələyə effektiv axınının olması və s. axtarış-kəşfiyyat işlərinin nəticələrinə təsir edən əsas geoloji risk amilləridir. Ayrılmış perspektivli sahələrin öyrənilməsində risk parametrlərinin hər birinin mövcud olması ehtimalları qiymətləndirilir və sonra bunların bir-birinə hasili ümumi geoloji risk kimi qəbul edilir. Təqdim olunan işdə ehtimal və statistik metodlara əsaslanan yeni bir risk qiymətləndirmə metodikası təklif olunur. Hazırda neft şirkətləri tərəfindən istifadə olunan risk və resursların qiymətləndirilməsindən fərqli olaraq, bu iki proqnoz parametrin vahid simulyasiya proseduru çərçivəsində birlikdə qiymətləndirilməsi təklif olunur. Bu yanaşma bir sıra mənfi halları aradan götürür və geoloji risklərin qiymətləndirilməsinə daha obyektiv yanaşmağa imkan verir.
Sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Tədbir iştirakçıları Elçin Bağırovun məruzəsinin elmi informasiya yükünü yüksək qiymətləndiriblər.