MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası “Şuşa İli” çərçivəsində növbəti materiallar təqdim edib
Bakı, 8 iyun, AZƏRTAC
Əzəli Azərbaycan torpağı olan Şuşanın qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının təbliği məqsədilə Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa İli” çərçivəsində Azərbaycanın Mədəniyyət Paytaxtı haqqında Azərbaycan və rus dillərində silsilə materiallar hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Şuşa şəhərinin yaranma tarixi və Şuşa qalası haqqında məlumatlar yer alıb.
Hazırlanan bu materiallarda XVIII əsrin ikinci yarısında Şuşa şəhərinin Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhərinə çevrilməsinə, eləcə də burada mədəniyyət, incəsənətin, sənətkarlığın, həmçinin xarici ticarət əlaqələrinin inkişaf etməsinə dair maraqlı faktlar təqdim olunub. Materialda Ali Baş Komandan, Prezident İlham Əliyevin şanlı Zəfər tarixindən bəhs edən nitqindən parçalar və Cıdır düzündən, İsa bulağından görüntülər də təqdim edilib.
Şuşa mədəniyyətinə və incəsənətinə həsr olunan digər materiallar “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından bəhs edir. Materiallarda musiqi festivalının ilk dəfə keçirilməsindən bu günə kimi keçdiyi dövr, milli-mənəvi dəyəri, eləcə də beynəlxalq əhəmiyyəti təsvir edilib. Azərbaycan və rus dillərində hazırlanan bu materiallarda cari ilin may ayında keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının, eləcə də festivalda iştirak edən Respublika Gənclər kitabxanasının əməkdaşları tərəfindən çəkilən və Şuşa şəhərinin hazırkı görünüşünü, füsunkar gözəlliyini əks etdirən fotogörüntülər təqdim edilib.
Qeyd edək ki, sözügedən materiallar kitabxananın rəsmi saytında - https://www.ryl.az/virtual/multimediya?page=1 yerləşdirilib.