Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları məktəblilərə təlim keçib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən həyata keçirilən "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində paytaxtın Nərimanov rayonu 43 saylı bağça-məktəb-lisey kompleksində təlim keçirilib.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə mərkəzin tədris şöbəsinin əməkdaşları - şöbə müdiri G.Alxanova və şöbənin əməkdaşları - A.Ağazadə və M.Məmmədli zəlzələlər, onların başvermə səbəbləri, zəlzələ baş verərkən davranış qaydaları haqqında məktəblilərə məlumat veriblər.
Təlim zamanı məktəbliləri maraqlandıran sualları cavablandıran RSXM-in əməkdaşları bu cür tədbirlərin maarifləndirmə xarakteri daşıdığını və gələcəkdə də davam etdiriləcəyini bildiriblər.