Rəssamlar İttifaqında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri də elan olunmuşdur.
Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov çıxış edərək 1918-ci il martın 31-də azərbaycanlıların məruz qaldığı soyqırımı hadisəsinin xalqımızın qan yaddaşında silinməz iz buraxdığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, Bakı və Gəncə quberniyalarında, Qubada, Şamaxıda və digər bölgələrimizdə erməni daşnaklarının törətdikləri qanlı faciələr zamanı dinc əhaliyə amansız divan tutulmuş, insanlar öz doğma yurd-yuvalarından deportasiya olunmuşlar. Təəssüflər olsun ki, ötən əsrdə soydaşlarımıza qarşı bir neçə dəfə bu cür soyqırımıları törədilmiş, tarixi ərazilərimiz ermənilər tərəfindən işğal olunmuş, günahkarlar hələ də öz cəzalarına çatmamışlar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev demişdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaradıcı insanlarımız, eləcə də rəssamlarımız öz bilik və bacarıqlarını əsirgəmirlər. Bu baxımdan rəssamlarımızın Xocalı və 31 mart soyqırımılarına həsr etdikləri rəsm əsərlərində zaman-zaman xalqımızın başına gətirilən dəhşətli faciələr öz əksini tapmışdır.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2011-ci ildə bu qurum Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” mövzusunda respublika sərgi-müsabiqəsi elan etmişdir. Müsabiqədə 125-dən çox rəssamın 150-dək əsəri nümayiş olunmuşdur.
Sonra dörd nominasiya - rəsm və boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqənin qaliblərinin adları açıqlamışdır. Müsabiqədə birinci yerə layiq əsər olmadığından münsiflər heyətinin yekdil qərarı ilə 35 rəssamın yaradıcılıq nümunələri 2-3-cü yerləri tutmuş və həvəsləndirici mükafatlara layiq görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, müsabiqəyə təqdim olunmuş bütün əsərlər kataloq halında çap ediləcəkdir.