RF HÖKUMƏTİNİN TƏRKİBİ TƏSDİQ OLUNDU
Mayın 12-də Dövlət Duması Rusiya hökumətinin sədri vəzifəsinə M.Fradkovun namizədliyini təsdiq etmişdi.
Kremlin mətbuat xidmətinin məlumatına görə, bu il mayın 20-də Prezident V.Putin Rusiya Federasiyası hökumətinin strukturu haqqında Fərman imzalamışdır. Fərmanda hökumətin strukturu müəyyən edilmiş və hökumət üzvlərinin kadr təyinatı aparılmışdır.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, elə həmin gün hökumətin iclasında Mixail Fradkov bildirmişdir ki, hökumətin əvəllki heyətində olan bütün nazirlər yeni kabinetdə öz vəzifələrində qalmışlar.
Xatırladaq ki, Sergey Lavrov xarici işlər naziri, Sergey İvanov müdafiə naziri, Rəşid Nurqaliyev daxili işlər naziri, Aleksey Kudrin maliyyə naziri, Viktor Xristenko sənaye və energetika naziri, German Qref iqtisadi inkişaf və ticarət naziri, Sergey Şoyqu mülki müdafiə işçiləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri, Mixail Zurabov səhiyyə və sosial inkişaf naziri, Andrey Fursenko təhsil və elm naziri, Yuri Trutnev təbii ehtiyatlar naziri, Aleksey Qordeyev kənd təsərrüfatı naziri, Yuri Çayka ədliyyə naziri, Aleksey Sokolov mədəniyyət və kütləvi kommunikasiyalar naziri vəzifəsinə təsdiq edilmişdir.
Bundan əlavə, Rusiya hökumətində Nəqliyyat və Rabitə Nazirliyi əvəzinə iki yeni nazirlik - İqor Levitinin başçılıq etdiyi Nəqliyyat Nazirliyi və Leonid Reymanın rəhbərlik etdiyi İnformasiya Texnologiyaları və Rabitə Nazirliyi yaradılmışdır.
Bununla yanaşı, Rusiya Federasiyası hökumətində yeni orqan – Federal Nəzarət orqanı yaradılacaqdır. Həmin orqan ekoloji, texnoloji və atom nəzarəti funksiyalarını birləşdirəcəkdir.