RİNN: Azərbaycanın nəqliyyat sektoru transformasiya olunur
Bakı, 1 oktyabr, AZƏRTAC
Nəqliyyat sektoru dünyada istixana qazı emissiyalarının ən böyük mənbələrindən biri hesab olunur və enerji ilə bağlı tullantıların təxminən dörddəbiri onun payına düşür. Azərbaycanın isə Paris Sazişi çərçivəsində 2030-cu ilədək emissiyaları 35 faiz azaltmaq öhdəliyi mövcuddur. Bu hədəfə nail olmaq iqtisadiyyat, xüsusən də nəqliyyat və logistika sektorunda mühüm çağırışlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı nəqliyyata keçid sürətləndirilməli, milli resurslar artırılmalı, çoxtərəfli tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
Fariz Əliyev xatırladıb ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində nəqliyyat ayrıca məqsəd kimi göstərilməsə də, digər bir çox məqsədlərin həyata keçirilməsində mühüm rol oynayır.
“Azərbaycan hökuməti dayanıqlılığı nəqliyyat strategiyasının əsas dayaqlarından biri kimi qəbul edir. Ölkə həm qlobal, həm də yerli səviyyədə hava çirklənməsinin azaldılması istiqamətində ciddi addımlar atır. Məqsəd nəqliyyatı daha təmiz, ağıllı və dayanıqlı sistemə çevirmək, eyni zamanda, səmərəlilik, inklüzivlik və dayanıqlılığı təmin etməkdir. Azərbaycanın coğrafi mövqeyinin strateji üstünlükləri nəzərə alınaraq, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son iki onillikdə böyük islahatlar və investisiyalar həyata keçirilib. Bunun nəticəsində ölkə sürətlə qlobal tranzit qovşağına çevrilir. Yalnız ötən il ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 milyon tona çatıb ki, bu da 2019-cu illə müqayisədə beş dəfə çoxdur. Bununla yanaşı, son illərdə qlobal təchizat zəncirlərindəki pozulmalar nəqliyyat marşrutlarının şaxələndirilməsinin vacibliyini göstərib. Azərbaycan isə bu kontekstdə iqtisadi maraqlarla yanaşı, regional sülh və rifaha xidmət edən etibarlı tərəfdaş kimi çıxış edir.
Hazırda ölkədə nəqliyyat çərçivələrinin yenilənməsi üzrə genişmiqyaslı layihələr icra olunur. Buraya yol və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, dəmir yolu xətlərinin elektrikləşdirilməsi, bərpaolunan enerji mənbələrinin tətbiqi, enerji səmərəli texnologiyaların istifadəsi, gömrük və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi daxildir. Həmçinin logistikanın rəqəmsallaşdırılması və hərəkətliliyin ekosistem daxilində səmərəli təşkili istiqamətində tədbirlər görülür”, - deyə Fariz Əliyev əlavə edib.