RİNN əməkdaşları üçün təlim proqramı: iştirakçılar idarəetmənin prinsiplərini öyrənəcəklər






Bakı, 24 oktyabr, AZƏRTAC
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşları üçün “Korporativ idarəetmə” proqramına başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ixtisasartırma proqramları çərçivəsində təqdim edilən təlimin məqsədi iştirakçılara idarəetmə prinsipləri və konsepsiyaları haqqında fundamental anlayışları ötürməklə yanaşı, onları layihələri səmərəli şəkildə idarə etmək, layihə prosesini tənzimləmək və nəzarət etmək üçün bilik və bacarıqlarla təmin etməkdir.
Proqram zəngin iş təcrübəsinə malik təlimçilər tərəfindən tədris ediləcək.
Proqram çərçivəsində “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov “İdarəetmənin əsası”, dayanıqlı inkişaf üzrə müşavir, Dünya Bankının gender bərabərliyi üzrə aparıcı eksperti Şəmsiyyə Mustafayeva “Emosional zəka” mövzularını tədris edəcəklər.
Həmçinin “AgroDairy”nin baş direktoru Niyazi Əmirbəyov “Məsuliyyət və sahiblik”, “Azercell Telecom” MMC-nin Aparat rəhbəri Həsən Həsənov və İnkişaf və Diplomatiya İnstitutunun aparıcı elmi işçisi İnarə Yaqubova “Motivasiya” mövzularında iştirakçılara təlim keçəcəklər.
Bununla yanaşı, “Nobel Energy” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Turxan Əhmədov “Effektiv görüşlərin keçirilməsi”, BP-nin baş insanlar və mədəniyyət partnyoru Orxan Əliyev “Fəaliyyətin idarə edilməsinin əsası”, İngiltərədə fəaliyyət göstərən xarici şirkətin icraçı direktoru və strateq Nailə Mehrabova isə “Dəyişikliklərin idarə edilməsi” mövzularını tədris edəcəklər.
Qeyd edək ki, ilin sonunadək davam edəcək təlim proqramında ümumilikdə 185 əməkdaş iştirak edir.