“Riqa” hava limanında sərnişinlərin sayı 71,5 faiz azalıb
Riqa, 6 noyabr, AZƏRTAC
Latviyanın beynəlxalq hava limanı olan “Riqa” cari ilin 10 ayında 1,9 milyon sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,5 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə hava limanının nümayəndəsi Laura Kulakova deyib.
O bildirib ki, ötən ay hava limanında 90 min 500 sərnişinə xidmət göstərilib ki, bu da 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 600 min nəfər azdır. Oktyabr ayında sərnişinlərin 60,1 faizinə Latviyanın milli aviaşirkəti “AirBaltic”, 19,9 faizinə İrlandiyanın “Ryanair” aviaşirkəti, 6,5 faizinə isə Macarıstanın “WizzAir” aviaşirkəti xidmət göstərib.
Hava limanında həyata keçirilən uçuşların sayı 57,4 faiz azalsa da, aviasiya yükdaşımaları və işgüzar səfərlər seqmentində müvafiq olaraq 37,6 faiz və 81 faiz artım qeydə alınıb.
Hazırda “Riqa” hava limanından 31 şəhər üzrə 35 təyinat məntəqəsi üzrə səfər etmək olar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa