Rotterdamda fəaliyyət göstərən “Qarabağ” klubu ilə “NextGen” Futbol Akademiyası arasında əməkdaşlıq müzakirə edilib
Rotterdam, 5 sentyabr, AZƏRTAC
Rotterdamda fəaliyyət göstərən “Qarabağ” idman klubunu ziyarət edən Niderlandın “NextGen” Futbol Akademiyasının üzvlərinə klub haqqında ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “NextGen” Futbol Akademiyası ilə “Qarabağ” idman klubu arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Akademiyanın rəhbəri Caner Yalamoğlu bildirib ki, klubda 6-15 yaşlı uşaqlar futbolla məşğul olurlar. Akademiyada məşq edən idmançıların əksəriyyəti sonradan Niderlandın bir sıra tanınmış klublarında, o cümlədən “Feyenord”, “Sparta”, “PSV”, “Ekselsior” və s. çıxış edirlər.
Məşqçi Yassine Belqar qeyd edib ki, “NextGen” Futbol Akademiyası “Qarabağ” idman klubu ilə əməkdaşlıqda maraqlıdır. Akademiya “Qarabağ” klubunun idmançılarına lazımi texniki və taktiki dəstək verməyə hazırdır.
Akademiyanın baş məşqçisi Lukas Kok “Qarabağ” klubunun 6-11 yaşlı idmançılarının hazırlığını yüksək qiymətləndirib və klubun tezliklə Niderlandın idman məktəbləri arasında ilk yerlərdən birini tutacağına əminliyini bildirib.
Benilüks Azərbaycanlıları Konqresinin sədri, “Qarabağ” idman klubunun rəhbəri Elsevər Məmmədov Akademiyanın rəhbər və məşqçilərinə təklif və dəstəyə görə təşəkkürünü bildirib. Qarabağ haqqında həqiqətləri qonaqların diqqətinə çatdıran E.Məmmədov klubun digər idman mərkəzləri ilə əməkdaşlığı daha da möhkəmləndirmək istədiyini deyib.
Görüşün sonunda “Qarabağ” klubunun üzvlərinə “NextGen” Futbol Akademiyasının forması hədiyyə edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam