Rumıniyanın “AGERPRES” xəbər agentliyi Milli Qurtuluş Günü barədə məqalə yayıb
Buxarest, 16 iyun, AZƏRTAC
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü” sərlövhəli məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdiyi qeyd olunur. Bildirilir ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Yeni yaranmış dövlətin təməlini sarsıtmaq niyyətində olan daxili və xarici qüvvələrin məqsədyönlü fəaliyyəti nəticəsində müəyyən bölgələrdə separatçı meyillər yaranmış, çətin sosial-iqtisadi durum və siyasi böhran şəraitində ölkəmizdə vətəndaş qarşıdurması hökm sürürdü.
Qeyd olunur ki, bu cür mürəkkəb vəziyyətdə Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Ali Şuranın sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi, onun xilaskarlıq missiyası sayəsində Azərbaycanın dövlət müstəqilliyinə təhlükə yaradan proseslərin qarşısı alındı və əsas diqqət dövlət quruculuğuna yönəldi. Beləliklə, 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
Bildirilir ki, bu gün ölkəmiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır, beynəlxalq mövqelərini gücləndirir.
Yazıda, həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən də bəhs olunur, torpaqlarımızın 20 faizinin işğal edildiyi vurğulanır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest