RUSİYA FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİ TURİN PLAŞANİTSASININ SİRRİNİ AÇMIŞDIR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Plaşanitsanın mənşəyinin öyrənilməsinə bu yaxınlarda RF Federal Təhlükəsizlik Xidməti (FTX) Kriminalistika İnstitutunun alimləri də qoşulmuşlar. Onlar bir sıra nadir eksperimentlər apararaq, İsa Məsihin həyatının son günlərinin və edamının təfərrüatını öyrənmişlər.
Tədqiqat Kriminalistika İnstitutuna uzun illər rəhbərlik etmiş texnika elmləri doktoru Anatoli Fesenkonun başçılığı ilə aparılmışdır. FTX mütəxəssisləri dini şərhlərdən qəsdən uzaqlaşmış, kimya, fizika, riyaziyyat və biologiya elmlərinin nailiyyətlərindən istifadə etməklə, plaşanitsanı cinayət yerindən götürülmüş maddi dəlil kimi kompleks şəkildə tədqiq etməyə başlamışlar. A.Fesenko demişdir: “Əvvəlcə köhnəlmə prosesini modelləşdirərək, kəfənin təxmini yaşını müəyyənləşdirdik. Belə qənaətə gəldik ki, plaşanitsanı 2 dəfədən çox “cavanlaşdıran” Amerika alimləri səhvə yol vermişlər. Parçanın, həqiqətən, azı 2 min il yaşı var. Eyni zamanda, Turin plaşanitsasının İsa Məsihdən min il yaşlı olduğu barədə ehtimallara da son qoyuldu”.
Kriminalistlər parçada qalmış izlərə əsasən İsa Məsihin aldığı yaraların xüsusiyyətlərini də aydınlaşdırmışlar. Tədqiq edilən material zorakılığın qurbanı haqqında maddi sübutları, əslində, saxlamışdır. Ekspertlər demişlər: “4,3x1,1 metr ölçülü kətan parçada çılpaq kişinin iki proyeksiyadan - öndən və arxadan, zəif görünən sarı-qəhvəyi izləri sezilir. İzlərin analizi göstərmişdir ki, burada təsvir olunmuş adamı vaxtilə romalıların istifadə etdikləri, uclarına qurğuşun düymələr bərkidilmiş beşsaçaqlı şallaqla döymüşlər.
Alimlərin qənaətinə görə, həmin parçaya bürünmüş adamın aldığı yaralar İsa Məsihin İncildə təsvir olunmuş əzablarına uyğun gəlir. Onun sağ çiynində ağır əşya, ola bilsin, xaç gəzdirdiyini göstərən enli zolaq var. Sol tərəfdən vurulan zərbə nəticəsində burun sümüyü, habelə almacıq sümüyü sınmışdır. Ona görə də sol tərəfi şişmişdir. Çənəsinin xüsusilə sol tərəfinin təsviri aydın görünür. Sağ tərəfində qan ləkələri, yaxud dərin yaranın ləkələri var. Sifətinin təsviri asimmetrikdir. Bu adam əzab çəkdiyi üçün ölümündən sonra üzünün cizgiləri eyni qaydada kiçilməmişdir.