RUSİYA FUTBOL İTTİFAQININ PREZİDENTİ AZƏRBAYCAN XALQINI “NEFTÇİ”NİN QƏLƏBƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
O, yarışların final oyunundan sonra AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində bildirdi ki, “Neftçi” komandası həlledici görüşə layiqincə çıxmışdı və bu, əsil final oyunu idi. Onun sözlərinə görə, “Neftçi” əla təsir bağışladı və ümumən, gözəl oyun nümayiş etdirdi. “Neftçi” çox sanballı və mütəşəkkil görünürdü. “Neftçi” çox yaxşı, mütəşəkkil və nizam-intizamlı komandadır, onun heyətində çox maraqlı futbolçular oynayırlar. “Borets çox maraqlı futbolçudur və əla bir top vurdu. Ümumiyyətlə, “Neftçi” çox sürətli və texnikalı komandadır, yaxşı futbol oynayır.
RFİ prezidenti bildirdi ki, “Neftçi”nin iştirak etdiyi turnirlərdə onun oyununu çoxdan izləyir. “Ötən illə müqayisədə komanda püxtələşib, oyununda böyük irəliləyiş var. Dövlətin futbola qayğı və diqqəti də hiss olunur. “Neftçi” Avropa futbolu tərzində uğurla oynayır, müdafiədən hücuma çox sürət və məharətlə keçir, bu zaman yüksək nizam-intizamı və mütəşəkkilliyi saxlayır.
V.Mutko demişdir: Mən Azərbaycan və Azərbaycan xalqını “Neftçi” kimi komandaya malik olması və onun Moskvada qələbəsi münasibətilə təbrik edirəm. Əbəs deyildi ki, futbolsevərlər ona çox hərarətlə və coşğunluqla azarkeşlik edirdilər. Gördüyünüz kimi, nə qədər milli bayrağınız və nə qədər tamaşaçı vardı. Zənnimcə, elə buna görə də turniri saxlamaq lazımdır. “Neftçi” Birlik Kubokunun layiqli qalibi oldu. Onun mötəbər beynəlxalq turnirlərdə də oynaması və qələbələr qazanması çox vacibdir”.