RUSİYA QEYRİ-QANUNİ MİQRASİYA İLƏ MÜBARİZƏNİ SƏRTLƏŞDİRİR
Ötən il Rusiyada “Əcnəbi vətəndaşlar haqqında” yeni qanun qəbul olunmuş, əcnəbilərin yaşadıqları yerdə qeydə alınması qaydaları qoyulmuşdur. Bununla əlaqədar, Federal Miqrasiya Xidməti RF DİN-in tabeliyinə verilmişdir. İndi də FTX də həmin işə qoşulur ki, bu da, Prezident V.Putinin və bəzi analitiklərin fikrincə, qeyri-qanuni miqrasiya ilə daha səmərəli mübarizə aparmağa imkan verəcək və problemin həllinə kömək edəcəkdir.
Miqrasiya problemi Moskvada işləyən çoxsaylı Azərbaycan diasporunun, yaxud bu ölkədə müvəqqəti yaşayan vətəndaşların mənafelərinə birbaşa toxunur. Rusiya paytaxtında leqal şəraitdə yaşamaq üçün bir çox azərbaycanlıya sənədlər əldə etməkdə Ümumrusiya Azərbaycan Konqresi yanında yaradılmış Hüquqi Müdafiə Mərkəzi kömək edir. Mərkəzin təcrübəli hüquqşünasları belə şəxslərə məsləhət verir, habelə miqrasiya xidmətlərinin, yaxud ayrı-ayrı hüquq mühafizə orqanlarının məmurları həmin şəxslərin hüquqlarını pozduğu təqdirdə, yuxarı məhkəmə instansiyalarında onların hüquqlarını müdafiə edirlər. Bütövlükdə isə, Rusiya Federasiyası ərazisinə daxil olan vətəndaşlar, o cümlədən, həmvətənlərimiz bu dövlətin qanunlarına riayət etməli və Rusiyada leqal yaşamaq üçün lazım olan sənədləri müəyyən edilmiş qaydada rəsmiləşdirməlidirlər.