RUSİYADAKI SOYDAŞLARIMIZIN HÜQUQİ MÜDAFİƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ KİTAB ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, yeni nəşrdə Rusiya Federasiyasına gediş-gəliş, malların sərhəddən keçirilməsi, qeydiyyat, pasport və vətəndaşlıq almaq qaydaları şərh olunmuşdur. Orada əmək fəaliyyəti hüququnun alınması, Azərbaycan vətəndaşlarının Rusiyada ali məktəblərə qəbulu və təhsil alması qaydası, tibbi sığorta və irsə yiyələnmə ilə bağlı məsələlər də işıqlandırılmışdır. Kitabda Rusiyaya gedən və onun ərazisində yaşayan həmvətənlərimiz üçün zəruri olan sənədlərin siyahısı və nümunələri verilmişdir.
Bununla yanaşı, kitabda Azərbaycan Respublikasının RF-dəki səfirliyi konsul şöbəsinin həmvətənlərimizə hüquqi yardım göstərilməsi sahəsində səlahiyyətləri şərh edilmişdir.
Kitabın müəllifi ölkəmizin Rusiyadakı səfirliyinin konsul məsələləri üzrə ikinci katibi, BDU-nun hüquq fakültəsinin və G.Plexanov adına Rusiya İqtisad Akademiyasının iqtisadiyyat fakültəsinin məzunu Rəşad Məmmədovdur. Onun sözlərinə görə, bu, xaricdə yaşayan azərbaycanlıların hüquqi müdafiəsinin təmin edilməsinə yönəldilmiş ilk kitabdır və Rusiya ərazisində müvəqqəti və daimi yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuşdur. Müəllif demişdir: ”Kitab Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış müqavilə və sazişlərin müddəalarından, habelə RF-nin qüvvədə olan qanunvericiliyindən, onun tətbiqi təcrübəsindən irəli gələn tələblərə uyğun tərtib olunmuşdur. Zənnimcə, bu, diasporumuza böyük köməkdir. Onun üzvləri öz hüquqlarını biləcək və ərazisində yaşadıqları dövlətin qununlarının tələblərinə riayət edəcəklər”.