Rusiyanın Azərbaycan siyasətini əks etdirən monoqrafiya Almaniyada çapdan çıxıb
Berlin, 1 iyun, AZƏRTAC
Tədqiqatçı Rauf Cəfərovun “Rusiyanın Azərbaycan siyasəti: I Pyotrdan Putinə qədər dövrün müqayisəli təhlili” monoqrafiyası Almaniyada nəşr olunub (https://www.vandenhoeck-ruprecht-verlage.com/themen-entdecken/geschichte/zeitgeschichte-ab-1949/15861/kontinuitaet-und-wandel-in-der-russischen-politik-gegenueber-aserbaidschan).
AZƏRTAC xəbər verir ki, alman dilində nəşr olunmuş monoqrafiyada Azərbaycanın son 200 ilə yaxın dövr ərzində kökündə Rusiyanın dayandığı siyasi təsisatlara - çar Rusiyasına və sovet Rusiyasına qatıldığı göstərilir. Qeyd olunur ki, Azərbaycan bu müddətdə yalnız iki dəfə - çar Rusiyasının çöküşündən (1917-ci il) və SSRİ-nin süqutundan (1991-ci il) sonra müstəqillik əldə edə bilib.
Monoqrafiyada, bir tərəfdən, Rusiyanın Azərbaycana münasibətdə həyata keçirdiyi siyasətin təzahür formaları, hərəkətverici qüvvələri, elementləri və alətləri müəyyənləşdirilir, digər tərəfdən, gələcəkdə baş verə biləcək proseslərin mümkün inkişaf ssenarilərini müəyyən etmək məqsədilə Rusiya-Azərbaycan münasibətlərinin retrospektiv təhlili aparılır.
Monoqrafiyanın birinci hissəsində çar Rusiyasının Qafqaz siyasətinin tarixi köklərinə ekskursiya edilir, onun orta əsrlər dövrünün önəmli türk mənşəli Azərbaycan dövlətləri - Səfəvilər və Qacarlar ilə münasibətləri işıqlandırılır, eyni zamanda, Şimali Azərbaycan ərazisindəki xanlıqlarının süqutu, habelə bu süqutun nəticələri araşdırılır.
İkinci hissədə çar Rusiyası ilə sovet Rusiyasının maraqları, bu maraqları həyata keçirmə metodları arasındakı oxşarlıqlar və fərqlər təhlil edilir. Sovet Rusiyasının çarizmə məxsus xalqlar siyasətini nəzəriyyə müstəvisində lənətləməsinə baxmayaraq, praktik müstəvidə bu siyasəti davam etdirdiyi, buna görə də onun müstəqil Azərbaycanın varlığı ilə heç cür barışmaq istəmədiyi təsbit edilir. Nəticədə çar Rusiyasının Azərbaycana dair siyasi kursunun sovet Rusiyası tərəfindən davam etdirildiyi, lakin bu kursun pərdələnmiş formada, yəni I Dünya müharibəsinin bitməsi ilə bərqərar olan beynəlxalq siyasətin tələblərinə uyğunlaşdırılmış şəkildə həyata keçirildiyi müəyyən edilir.
Üçüncü hissədə postsovet Rusiyasının müstəqil Azərbaycana münasibətdə həyata keçirdiyi siyasət (1991-2001-ci illər), onun təzahür formaları və həyata keçirilmə mexanizmləri, habelə Azərbaycan tərəfinin reaksiyası ətraflı şəkildə araşdırılır.
Rauf Cəfərov Bakı Dövlət Universiteti (BDU) və Ayxştet Universitetində (AFR) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Ziqen Universitetində doktorluq dissertasiyasını müdafiə edib. O, Almaniyanın müxtəlif ali təhsil ocaqlarında və elmi-tədqiqat institutlarında Qafqaz regionunun tarixinə və müasir dövrünə dair həyata keçirilmiş elmi-tədqiqat layihələrində iştirak edib, müxtəlif beynəlxalq konfranslarda və seminarlarda qeyd olunan mövzulara dair məruzələrlə çıxış edib. Azərbaycanın, Rusiyanın və Almaniyanın arxivlərində və kitabxanalarında uzunmüddətli araşdırmalar aparmış müəllifin tədqiqat işlərinin əsas istiqaməti - XIX əsrdən günümüzədək böyük və regional güclərin Qafqaz siyasətidir. Rauf Cəfərov qeyd edilən mövzularda monoqrafiya və məqalələrin müəllifidir.
Vuqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin