Ruslan Şevçenko: Azərbaycan dünyanın bir çox dövlətlərinin hesablaşacağı nüfuzlu ölkəyə çevrilir
Kişineu, 22 noyabr, AZƏRTAC
Moldovanın tanınmış “Tribuna” informasiya-analitik portalında siyasi təhlilçi, tarix elmləri doktoru Ruslan Şevçenkonun “Azərbaycan və Ermənistan: 44 günlük müharibədən sonra bir il” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda və Ermənistanda münaqişədən sonrakı dövr, o cümlədən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan genişmiqyaslı tikinti-bərpa işləri və yeni reallıqlar nəzərə alınmaqla regionun inkişaf perspektivlərindən bəhs edilir.
“Qələbə nəticəsində Azərbaycan xalqının əhval-ruhiyyəsi və Prezident İlham Əliyevin şəxsi nüfuzu hədsiz dərəcədə yüksəlib. Bu, mübaliğəsiz olaraq Azərbaycan tarixində ən böyük siyasi hadisədir. Azərbaycan Cənubi Qafqazda dünyanın bir çox dövlətlərinin də hesablaşacağı getdikcə daha əhəmiyyətli və nüfuzlu ölkəyə çevrilir. İndi Azərbaycan qarşısına artıq yeni məqsədlər qoyur: Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyat əlaqələrinin bərpasına nail olmaq. Bunun üçün Azərbaycan Ermənistanı 2020-ci il 10 noyabr tarixli müqavilənin müddəalarına uyğun olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəlməyi, habelə Azərbaycanla sərhədlərin delimitasiyası haqqında saziş imzalamağı təklif edir”, - deyə Ruslan Şevçenko vurğulayıb.
Müəllif məqaləsində qeyd edir ki, gələcəkdə Azərbaycan Ermənistan üzərində hərbi, siyasi və iqtisadi üstünlüyünü artıracaq. Bu isə o deməkdir ki, Azərbaycan zaman keçdikcə Zəngəzur dəhlizi planlarını həyata keçirməklə yanaşı, nəhayət, Ermənistanla sülh müqaviləsi imzalamaq və sərhədləri delimitasiya etməklə Qarabağ məsələsini “bağlaya” biləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu