Rüsumların azaldılması Çində iş yerlərinin kütləvi ixtisarı təhlükəsini azaldıb

Bakı, 16 may, AZƏRTAC
Ötən həftəsonu Cenevrə danışıqlarından sonra ABŞ-Çin ticarət müharibəsi tempinin sürətlə azalması Pekinə qorxulu ssenaridən qaçmağa kömək edib, sosial sabitliyi təhdid edə biləcək iş yerlərinin kütləvi ixtisarı təhlükəsini azaldıb. Bu amil hakim Kommunist Partiyasının əsas prioriteti hesab edilir.
İqtisadçıların və siyasət məsləhətçilərinin fikrincə, bu il ABŞ tariflərinin 145 faiz artırılması uzunmüddətli iqtisadi zərərə səbəb olub və hətta Cenevrə danışıqlarından sonra belə, Çinin əmək bazarına zərbə vurmaq və onun böyüməsini yavaşlatmaq üçün kifayət qədər yüksək risk olaraq qalır. AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Analitiklərin fikrincə, artıq fabriklərin işi bərpa edilə biləcək və kütləvi ixtisarlar olmayacaq, bu da sosial sabitliyin qorunmasına kömək edəcək.
Bununla yanaşı, Çin hələ də qüvvədə olan tariflərə əlavə olaraq ABŞ-ın 30 faizlik yüksək rüsumları ilə üzləşir.
“Reuters”in xəbər verdiyi kimi, Pekin ötən həftə İsveçrə görüşündən əvvəl Çin şirkətlərində, o cümlədən mebel və oyuncaqlar kimi əmək tutumlu sənayelərdə iflasdan qaçmaq üçün mübarizə aparılması üzrə daxili siqnallardan getdikcə daha çox narahat olub.
“Soochow Securities”in baş iqtisadçısı Lu Çjenin dediyinə görə, risk altında olan iş yerlərinin sayı tariflərin azaldılmasından əvvəlki təxminən 1,5-6,9 milyondan 1 milyona düşüb.
“Natixis”in Asiya-Sakit Okean üzrə baş iqtisadçısı Alisiya Qarsia-Errero hesab edir ki, üçrəqəmli tariflər 6-9 milyon iş yerinin itirilməsinə gətirib çıxara bilər. Hazırkı tarif səviyyələri 4-6 milyon ixtisara səbəb ola və rüsumlar daha 20 faiz aşağı düşərsə, təxminən 1,5-2,5 milyon iş yeri itirilə bilər.
Onun hesablamalarına görə, 2025-ci ildə Çinin iqtisadi artımı ən optimist ssenari üzrə 0,7 faiz bəndi, cari tariflər üzrə 1,6 faiz bəndi və ya münaqişənin apreldə olduğu kimi eyni intensivliyə dönəcəyi təqdirdə 2,5 faiz bəndi səviyyəsində yavaşlaya bilər.
Analitiklər iddia edirlər ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasətinin qeyri-müəyyənliyi ucbatından ixracatçılar ehtiyatlı hərəkət etməyə məcbur olurlar və bu, əlavə iş yerlərinin yaradılması önündə əsas maneədir.