SAATLIDA QARIŞIQ YEM İSTEHSALI SEXİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Gülhüseyn Əhmədov çıxış edərək yeni müəssisəni ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən iqtisadi siyasətin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi işinə layiqli töhfə olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, dövlətimizin yaratdığı əlverişli sərmayə mühiti yerli iş adamlarını, fermer təsərrüfatlarının rəhbərlərini məhsuldarlığı yüksəltməyə, istehsalı genişləndirməyə ruhlandırmışdır. Yeni qarışıq yem istehsalı müəssisəsi rayonda heyvandarlığın və quşçuluğun inkişafına ciddi təkan verəcəkdir.
Müəssisənin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbirin iştirakçıları avadanlığı Ukraynadan gətirilmiş sex və anbarlarla tanış olmuşlar. Ərazisi 500 kvadratmetr olan müəssisənin yaraşıqlı ofis və istirahət otaqları vardır. Müəssisədə hər saatda iki ton qarışıq yem istehsal olunacaqdır. Həmin məhsullara xüsusi nüsxə üzrə bioaktiv maddələr əlavə ediləcəkdir ki, bu da heyvanların və quşların məhsuldarlığını artıracaqdır. Müəssisədə hazırda 15 nəfər işləyir. Yaxın gələcəkdə onların sayı xeyli artacaqdır.