Sabah bəzi yerlərdə hava yağıntılı olacaq VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə 25-29 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, bəzi yerlərdə 28-32 dərəcə isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə 27-31 dərəcə isti olacağı proqnozlaşdırılır.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, gecə və axşam saatlarında güclənəcəyi, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-34, dağlarda gecə 17-20, gündüz 24-28 dərəcə isti olacaq.