“Sabah”-“Səbail” oyunu ilə Azərbaycan Premyer Liqasının XI turuna start veriləcək
Bakı, 10 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək tura “Sabah” “Səbail” oyunu ilə start veriləcək. “Əlincə Arena” stadionunda keçiriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.
“Sabah” 10 oyundan 16 xalla 4-cü, “Səbail” isə 17 xalla 3-cü pillədə qərarlaşıblar. “Sabah” qalib gələcəyi halda 3-cü pilləyə yüksələcək. Komandaların ilk dövrədəki qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb. Görüş saat 17:30-da başlayacaq.
Günün digər matçında lider “Neftçi” “Bakcell Arena”da autsayder “Zirə”ni qəbul edəcək. Hazırda 25 xalla 1-ci pillədə qərarlaşan “flaqman”la sonuncu mövqedəki qəsəbə təmsilçisi arasında 20 xal fərq var. “Ağ-qaralar” ev oyununda qələbə qazansa, turnir cədvəlinin ən yaxın izləyicisi “Qarabağ”dan 5 xallıq fərqi qoruyub saxlamaq imkanı qazanacaq.
İndiyədək “Neftçi” və “Zirə” komandaları çempionatda 13 dəfə üz-üzə gəliblər. Bunlardan 2-də flaqman, 8-də qəsəbə təmsilçisi qalib gəlib, 3 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti 16:9 “Zirə”nin xeyrinədir. Lakin “Zirə” son 2 oyunda xal, 3 matçda qələbə qazanmayıb. “Neftçi” isə bu komandaya indiyədək öz meydanında qalib gəlməyib. İnqilab Məmmədovun idarə etdiyi oyun saat 19:30-da başlayacaq.
Turun mərkəzi qarşılaşması isə noyabrın 11-də keçiriləcək. Qəbələ şəhər stadionunda oynanılan oyunda meydan sahibi “Qəbələ” son çempion “Qarabağ”ı qəbul edəcək. Saat 17:30-da başlayacaq görüşə Rauf Cabbarov təyinat alıb.
“Sumqayit”-“Keşlə” oyunu ilə 11-ci tura yekun vurulacaq. “Bayıl Arena”da baş tutan qarşılaşma saat 19:30-da keçiriləcək.