Sabahdan Bakıda 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a verilən məlumata görə, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.
Yeni ekspres marşrutlar:
• M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;
• M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;
• M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;
• M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;
• M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;
• M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərəcək.
Sərnişinlərə xidmət göstərəcək yeni ekspres avtobusların dayanacaq məntəqələri ilə videoda: https://www.youtube.com/watch?v=ErGd9-3jEUw tanış ola bilərsiniz.
“Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək. Bu gündən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib”, - deyə AYNA-nın məlumatında bildirilir.