İDMAN
“Sabah”ın kapitanı: Azərbaycan basketbolunu Avropada ən yaxşı səviyyədə təmsil etmək istəyirik

Bakı, 1 oktyabr, AZƏRTAC
Komandanın vəziyyəti yaxşıdır. Oyuna həm fiziki, həm də mənəvi cəhətdən yaxşı hazırlaşmışıq. Uzun hazırlıq prosesi keçdik. Toplanışa Bakıda başladıq, sonra Serbiyaya yollandıq. Orada keçirdiyimiz beş yoldaşlıq oyununun üçündə qələbə qazandıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” basketbol komandasının kapitanı Endar Poladxanlı FIBA Avropa Kubokuna hazırlıqla bağlı danışarkən deyib.
Təcrübəli basketbolçu A qrupunda keçirəcəkləri hər oyuna fərqli hazırlaşdıqlarını bildirib. O qeyd edib: “Məşqlərdə əlimizdən gələni edirdik. Artıq vaxt çatıb. Sabah meydanda var gücümüzü ortaya qoyub sonadək mübarizə aparacağıq”.
Rəqibləri yaxşı analiz etdiklərini bildirən kapitan qeyd edib: “Sabah Niderlandın “Donar” klubu ilə oynayacağıq. Bakıda son bir həftəni sırf bu komanda ilə hazırlığa həsr etdik. Rəqibin son oyunlarının videoyazısına baxmışıq. Hər oyuna ayrı hazırlaşmağa çalışacağıq. “Donar”la matçdan sonra fikirləri “Rabotniçki”yə yönəldəcəyik”.
Azərbaycan basketbolunun 18 ildən sonra klub səviyyəsində avrokuboklarda təmsil edəcəklərini xatırladan və məqsədlərinin yalnız qələbə qazanmaq olduğunu diqqətə çatdıran E. Poladxanlı söyləyib. “Çox yaxşı komandamız var. Oyunçuların səviyyəsi yüksəkdir. İnanıram ki, qrupda hər üç komandanı uda bilərik. Hədəfimiz qrupdan çıxıb əsas mərhələyə adlamaqdır. Minimum vəzifə isə Azərbaycan basketbolunu ən yaxşı səviyyədə təmsil etməkdir”.
Qeyd edək ki, A qrupunda yer alan “Sabah” klubu ilk oyununu oktyabrın 2-də Niderlandın “Donar” komandasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı saat 19:30-da başlayacaq. Azərbaycan çempionu oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.