İDMAN
“Sabah”ın kapitanı: Çalışacağıq ki, azarkeşlər meydanda daha yaxşı komanda görsünlər - MÜSAHİBƏ
Bakı, 23 yanvar, AZƏRTAC
"Sabah" klubunun kapitanı Elvin Camalov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra ilk oyununuzu evdə “Neftçi”yə qarşı keçirdiniz. Qolsuz heç-heçə ilə başa çatan matçı necə şərh edərdiniz?
- Hər iki komanda meydana qələbə qazanmaq üçün çıxmışdı. Qış fasiləsindən sonra doğma meydanda ilk oyunumuz idi və qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, bunu bacarmadıq.
- Sizcə, qələbə qazanmaq üçün komandanıza nə çatmadı?
- Hər iki komanda meydanda çox istəkli mübarizə aparırdı. Rəqibin də qol fürsətləri oldu. Ümumiyyətlə, "Neftçi"yə qarşı oyunlar hər zaman çətin keçir. Qol imkanlarını dəyərləndirə bilmədik. Meydandan 3 xalla ayrıla bilməsək də, yaxşı oynadıq.
- Mövsümün ilk yarısı “Sabah” üçün qeyri-stabil alındı. İkinci və üçüncü dövrədə komandadan nə gözləmək olar?
- Əlimizdən gələni edəcəyik ki, azarkeşlər meydanda daha yaxşı "Sabah" görsünlər. Bunun üçün də hər oyuna yaxşı köklənib məşqlərdə maksimum çalışmalıyıq. İnanıram ki, tezliklə uğurlu nəticələr qazanacağıq.
- Çoxları bu mövsüm “Sabah”ı çempionluğa əsas namizədlərdən biri hesab edirdi. Lakin komanda ilk iki dövrədə istədiyi performansı sərgiləyə bilmədi. Bunun səbəbini nədə görürsünüz?
- Yayda heyətdə bəzi dəyişikliklər oldu. Yeni gələn oyunçuların komandaya uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var idi. Həm də elə matçlar oldu ki, rəqibdən üstün mübarizə apardıq, lakin bəxtimiz gətirmədi. Bu amillər öz təsirini göstərir.
- Öz çıxışınız barədə nə deyə bilərsiniz?
- Məncə, çıxışıma kənardan futbolu izləyənlər qiymət versələr, daha yaxşı olar. Sadəcə, bunu deyə bilərəm ki, komandaya fayda vermək üçün daim çalışıram. Şans qazandığım zaman isə bütün gücümlə mübarizə aparıram.
- Komandanız növbəti tur səfərdə “Zirə” ilə qarşılaşacaq. Həmin oyun haqqında nə düşünürsünüz?
- Çətin oyun olacaq. "Zirə" hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Onlar da meydana qələbə üçün çıxacaqlar. İnanıram ki, bu görüşdə azarkeşlərimizi qələbə ilə sevindirəcəyik.