Sabiq səfir: Rəşt-Astara dəmir yolu dünyanın bir yarısını digər yarısı ilə birləşdirəcək
Bakı, 3 dekabr, AZƏRTAC
Rəşt-Astara dəmir yolu xətti sadəcə olaraq Azərbaycan ilə İranın dəmir yollarının birləşdirilməsi deyil, bu 162 kilometrlik dəmir yolu xətti Cənub Şərqi Asiya və Körfəz ölkələri ilə Avrasiyanın nəqliyyat bağlantısını yaradan bir yoldur. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan bu yol İran ilə Azərbaycanı tranzit gəlirlərlə təmin etməklə yanaşı siyasi dəstək almalarına da imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi deyib.
O bildirib ki, İran Cənub-Şərqi Asiya və Körfəz ölkələrinin Avropa bazarlarına çıxışını təmin edən və onlara alternativ yollar təklif edən mühüm coğrafi məkanda yerləşir.
“Azərbaycan ilə İran nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün böyük potensiala malikdir. Bu imkanları bir araya gətirib Rəşt-Astara yolunun tikintisini başa çatdırmaq lazımdır. Azərbaycan və İran prezidentləri çox böyük iradə ortaya qoyaraq qarşılıqlı münasibətləri inkişaf etdirmək qərarına gəliblər. Prezident Məsud Pezeşkianın Cənubi Qafqaz ölkələri arasında ilk səfərinin Azərbaycana etməsi rəsmi Tehranın Bakı ilə əlaqələrini xüsusi önəm verdiyini göstərir. İran və Azərbaycan xalqları vahid tarixə, mədəniyyətə, milli dəyərlərə malikdirlər ki, bunlar da qarşılıqlı faydalı əlaqələri əsaslandırır. Dünya siyasətində özünəməxsus layiqli yer tutan Heydər Əliyev İran ilə qonşuluq siyasətini daim diqqət mərkəzində saxlayırdı. Hələ 1990-cı illərdə o, gələcəkdə İran ilə Azərbaycanı birləşdirəcək nəqliyyat dəhlizinin yaranacağını bilirdi və ona görə də Araz çayı üzərində körpülərin tikintisini təklif edirdi. Bu gün həmin dəhliz yaranıb və ticarət əlaqələri davam edir. Lakin Rəşt-Astara dəmir yolu dünyanın bir yarısını digər yarısı ilə birləşdirəcək”, - deyə sabiq səfir əlavə edib.