Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb. Ş.Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 çətənə kolu və 14 kiloqram qurudulmuş marixuana aşkarlanıb. Onun həmin yerin mühafizəsi məqsədilə istifadə etdiyi tüfəng də maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində təhqiqat aparılır.