Sabirabadda Vətən müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirilib VİDEO
Sabirabad, 6 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda 8 Noyabr - Zəfər Günü münasibətilə şəhər 4 nömrəli orta məktəbdə Vətən müharibəsi qaziləri və iştirakçıları ilə “Gələcək nəsillərə əmanət olunan Zəfər salnaməsi” adlı görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məktəblilərin Vətən müharibəsinə həsr edilən əl işlərindən ibarət sərgi nümayiş olunub.
Akt zalında keçirilən görüşdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizin döyüş yoluna nəzər salınaraq, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqları bildirilib. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonra məktəblilərin hazırladığı səhnəciklər və ədəbi-bədii kompozisiya nümayiş olunub.