Şabran şəhərindəki bütün abonentlər 24 saat ərzində fasiləsiz içməli su ilə təmin ediləcək
Şabran, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Qarşıdakı yay mövsümündə Şabran şəhərindəki bütün abonentlər 24 saat ərzində fasiləsiz içməli su ilə təmin ediləcək. 2011-ci ildə inşasına başlanılan Şabran şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi layihəsi başa çatmaq ərəfəsindədir. Artıq qeydiyyata alınan 6 min 490 abonentdən 3 min 100 içməli su ilə təmin edilir. Fevral ayı ərzində daha 2 min abonent yeni çəkilən su xəttinə qoşulacaq.
Rayon Su-kanal idarəsinin rəisi Atabala Cavadov AZƏRTAC-a müsahibəsində bildirib ki, Şabran şəhərinin içməli su ilə təmin edilməsi üçün üç anbar inşa olunub. Layihə çərçivəsində 147 min 851 metr su, 132 min 707 metr kanalizasiya xətləri çəkilib. Yeni su xətlərinə nəzarət etmək üçün xüsusi idarəetmə mərkəzi yaradılıb ki, bunun sayəsində baş verə biləcək hər hansı qəzadan vaxtında xəbər tutmaq və problemi vaxtında aradan qaldırmaq mümkün olacaq.
İdarə rəisinin sözlərinə görə Şabran şəhərinin ucqar ərazisində olan Surra yaşayış sahəsinə içməli su çəkilişi layihəsi də təsdiq olunub. Bununla yanaşı şəhərə yaxın Sincanboyad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi üçün layihə smeta sənədləri hazırlanır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Pirəbədil, Zöhramı, Sumaqova, Dağbilici, Sumaqova-Qazma kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.