Şabranda qədim Pirəbədil və ətraf kəndlərin turizm resursları öyrənilib
Şabran, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun qədim və təbiət mənzərələri ilə zəngin Pirəbədil kəndinin turizm resursları qeydə alınıb.
Quba Destinasiya Menecmenti Təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, regionun turizm resurslarının araşdırılması və yeni turizm marşrutlarının formalaşdırılması məqsədilə təşkilatın əməkdaşları tarixi Pirəbədil kəndini ziyarət ediblər. Kəndin turizm resurslarının qeydə alınması istiqamətində aidiyyəti şəxslərlə görüşlər keçirilib, buradakı bir neçə fəaliyyət növləri nəzərdən keçirilib.
Şabran-Pirəbədil-Zeyvə avtomobil yolu üzərində yerləşən qədim yaşayış məntəqəsi Sumağava, Sumağavaqazma və Zöhramlı kəndləri ilə eyni inzibati ərazi dairəsinə aiddir. Kəndin ərazisində 1862-ci ildə inşa olunan Pirəbədil Tarix Muzeyi yerləşir. Muzeyin binası 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib. Muzeyin tarixi, xarici görünüşü və tikiliş üslubu kəndin qonaqlarının diqqətini cəlb edir. Bundan başqa, kənddə bəzi qonaq evlərində və muzeyin özündə Quba-Şirvan xalça məktəbinin nümunələrindən hesab olunan Pirəbədil çeşnisi xalçalarının toxunma prosedurunu izləmək olar. Kənddəki etnik mətbəx nümunələri də turistlərin diqqətini çəkə bilər.
Kənddə bulaqların yerləşdiyi bir neçə meşəlik ərazidə kiçik istirahət məkanları mövcuddur ki, burada piknik və gəzinti kimi açıq hava turizm fəaliyyətləri həyata keçirmək mümkündür.
Quba Destinasiya Menecmenti Təşkilatından əməkdaşları qonşu Qazma kəndində Nüsrət Xəlilova məxsus aqroturizm təsərrüfatına da baş çəkiblər. Burada meyvə bağı, tərəvəz sahəsi, o cümlədən qonaqlama və qidalanma kimi xidmətlərin təşkil olunması üçün kiçik infrastruktur mövcuddur.