REGİONLAR
Şagirdlər elektron qurğuların düzəldilməsi və proqramlaşdırılması kimi biliklərə yiyələnirlər VİDEO
Şirvan, 11 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda “Arduino emalatxanası - elektronikaya açılan qapı” adlı layihə üzrə keçirilən təlimləri yekunlaşmaq üzrədir. Layihədə iştirak edən 90 şagird artıq bir çox elektron qurğunun düzəldilməsi, proqramlaşdırılması kimi biliklərə yiyələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində qalib layihə Şirvan şəhəri üzrə 4 məktəbdə tədris olunur. Üç ay icra müddəti olan layihə üzrə 7 qrup olmaqla, ümumilikdə, 90 şagird təlimdə iştirak edib. Hər qrup üçün 6 təlim günü nəzərdə tutulub və ümumilikdə 42 təlim keçirilib.
Layihə rəhbəri, Şirvan şəhər M.İsrailov adına 18 saylı təbiət humanitar təmayüllü məktəb-liseyin coğrafiya və STEAM müəllimi Pərvanə Hətəmova bildirib ki, “Arduino” proqramlaşdırıla və elektron sxemlər üzərində qurula bilən açıq mənbəli inkişaf - mikrokontroller platformasıdır. “Arduino” laboratoriya dəstləri ilə uşaqlar xəyallarını ən səmərəli şəkildə istifadə edə, əylənərkən öyrənə biləcəyi bir mühitə sahib ola bilirlər. “Arduino” layihəsi interaktiv və ya inkişafetdirici mühit yaratmaq üçün idealdır. “Arduino emalatxanası - elektronikaya açılan qapı" layihəsinin əsas məqsədi də “Arduino” dərsləri ilə elektronika, proqramlaşdırma, kodlaşdırma sahələrinin əsaslarını öyrənmək, praktiki şəkildə elektronika ilə tanış olmaq və bu sahəyə marağı artırmaqdır.
Təlimçi Sənan Heydərli qeyd edib ki, bu layihə əsasında şagirdlər elmi və texnoloji bacarıqlarını formalaşdırırlar. Eyni zamanda, alətlərlə, təhlükəsiz iş qaydaları ilə tanış olurlar. Bundan başqa, prototip hazırlamaq üçün ən yaxşı təcrübə, yerinə yetirilən işə yaradıcı münasibət formalaşdırmaq, komandada işləmək, vəzifələri səmərəli paylamaq bacarığını inkişaf etdirmiş olurlar.
Hazırda layihə üzrə təlimlərin aparıldığı məktəblərdən biri də Şirvan şəhər 14 saylı tam orta məktəbdir. Məktəbin təlim-tərbiyə işləri üzrə müavini Arzu İbrahimova bildirib ki, təkcə 14 saylı məktəbdə təlimlərə 30 şagird qoşulub və faydalı biliklər əldə ediblər.
Təlimlərdə iştirak edən şagirdlər artıq bir çox cihazların hazırlanması, onların kodlaşdırılması və proqramlaşdırılması kimi biliklərə sahib olublar. Onlardan biri də 8-ci sinif şagirdi Ayla Mahmudovadır. O, təlimlər sayəsində artıq məsafə ölçən cihazı çox rahatlıqla ərsəyə gətirə bilib.
Qeyd edək ki, “Arduino emalatxanası - elektronikaya açılan qapı” layihəsi sentyabr ayından icra olunur.