Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə inklüziv idman yarışları təşkil edilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi əsasən sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən inklüziv idman yarışları təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışlarda əksəriyyəti dövlət uşaq müəssisələrindən, habelə sosial müəssisələrdən, inklüziv orta məktəblərin məzunlarından, fərqli sahələrə aid məşq prosesinə cəlb olunmuş şəxslərdən ibarət olmaqla 80-dən çox şəxs qatılıb. Qaçış növü üzrə keçirilən yarışların təşkilində məqsəd həmin kateqoriyadan olan uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.