Şahbuz şəhərində yeni Seysmoloji Stansiya fəaliyyətə başlamışdır
Şahbuz, 28 dekabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz şəhərində yeni tikilmiş Seysmoloji Stansiyaya gəlmiş, burada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, tikintisinə cari ildə başlanılmış Seysmoloji Stansiya 275 kvadratmetr sahəni əhatə edir. Stansiya seysmoloji şaxta və köməkçi binadan ibarətdir. Buraya yeni elektrik və qaz xətləri çəkilmiş, transformator qoyulmuş, antena və günəş batereyası meydançaları yaradılmışdır. Stansiyada xüsusi avadanlıqlar, seysmik ölçü cihazları quraşdırılmış, əməkdaşların fəaliyyəti üçün ayrıca otaqlar ayrılmış, burada 4 nəfər işlə təmin olunmuşdur.
Bildirilmişdir ki, stansiyanın funksiyası telemetrik-rəqəmsal xidmət göstərmək, məlumatları avtomatik olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə ötürməkdən ibarətdir. Zəlzələlərin rüblük kataloqlarının tərtibi də stansiyanın fəaliyyət dairəsinə aiddir. Amerika Birləşmiş Ştatlarının “Kinemetriks” şirkətindən alınan telemetrik avadanlıqla bölgədə seysmik monitorinqlərin aparılması, Yerin tərkində tektonik proseslərin izlənməsi və seysmik fəallığın öyrənilməsi mümkün olacaqdır.
Qeyd olunmuşdur ki, Şahbuz şəhərində yaradılan yeni stansiya muxtar respublikada seysmoloji müşahidə sisteminin modernləşməsi və seysmoloji xidmətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Hazırda muxtar respublikanın Ordubad və Sədərək rayonlarında da yeni seysmoloji stansiyalar qurulur. Gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsindəki Seysmoloji Mərkəzin də yenidən qurulması nəzərdə tutulur.
Ali Məclisin sədri seysmik stansiyaların əhəmiyyətini qeyd etmiş, stansiyanın fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar vermişdir.