Sahibkarlar üçün işgüzar nahar təşkil edilib
Bakı, 29 iyun, AZƏRTAC
BMT Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq iyunun 27-si dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün işgüzar nahar təşkil olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, iş adamlarının, biznes assosiasiyaların rəhbərlərinin və iqtisadiyyat sahəsində çalışan KİV nümayəndələrinin iştirak etdiyi işgüzar naharda agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, KOB-lar üçün dəstək mexanizmləri və xidmətlər, KOB sahəsində nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Vurğulanıb ki, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan KOB-larla daha sıx təmasda olmaq üçün belə formatda görüşlərin mütəmadi olaraq və ayrı-ayrı sektorlar üzrə təşkil edilməsi nəzərdə tutulur.
İşgüzar nahar zamanı biznes mühitinə və KOB sektoruna dair agentliyin rəhbər heyəti, iş adamları və KİV-lər arasında üçtərəfli formatda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.