REGİONLAR
Sahibkarların qaldırdıqları məsələlərin həlli məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər görüləcək
![Sahibkarların qaldırdıqları məsələlərin həlli məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər görüləcək](/files/2023/1/1200x630/16785426854292920424_1200x630.jpg)
Bakı, 11 mart, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gəncədə sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, agentlik tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini səsləndiriblər. Tədbirdə biznes subyektləri tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.