Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər haqqında, müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimdə müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğun olaraq, sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir.