“Şahmat beynin gimnastikasıdır” birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində “Şahmat beynin gimnastikasıdır” devizi altında keçirilən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi başa çatıb. Birincilik olimpiya sistemi üzrə keçirilib.
Muxtar respublikanın mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komandanın hər birinin tərkibində 2 qız, 4 oğlan olmaqla, ümumilikdə, 102 şahmatçı iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edənlər muxtar respublikada şahmata göstərilən dövlət qayğısından danışıb və şahmatçılara qələbə sevinci arzulayıblar.
Keçirilən yarışın yekun nəticələrinə əsasən, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin komandası I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası II yerə, 12 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Taxtalar üzrə isə I taxtada Elçin İsmayılov (3 nömrəli tam orta məktəb), II taxtada Aydın Bəbirli (Naxçıvan Qarnizonu tam orta məktəbi), III taxtada Almara İbrahimbəyli (3 nömrəli tam orta məktəb), IV taxtada Şahin Ağayev (12 nömrəli tam orta məktəb), V taxtada Fatimə Həsənova (3 nömrəli tam orta məktəb) və VI taxtada isə Zöhrə Həsənova (3 nömrəli tam orta məktəb) I yerə layiq görülüblər.
Sonda qalib komandalar və taxtalar üzrə I yerləri tutan şahmatçılar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.