İDMAN
Şahmatçılarımız klublar arasında Avropa kuboku yarışlarında iştirak edəcəklər
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də klublar arasında şahmat üzrə Avropa kuboku yarışları start götürəcək.
AZƏRTAC xəbər verir ki, Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa kubokunda Azərbaycan təmsilçisi “Vüqar Həşimov” klubu da daxil olmaqla, 39 kollektivin iştirakı dəqiqləşib. Komandamızın heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar.
Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə yerli “Alkaloid” klubunun heyətində mübarizə aparacaq.
Turnir sentyabrın 24-dək davam edəcək.