Salyan sakinindən 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Salyan, 17 mart, Mahir Babayev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 12 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakinləri S.Quliyev və Z.Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Z.Zeynalova məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 bağlamada ümumi çəkisi 12 kiloqram 120 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin narkotik vasitəni S.Quliyev xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və həmin şəxsin deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.
Faktla bağlı araşdırma aparılır.