Salyanda hər gün COVID-19 infeksiyasına qarşı 450–500 nəfər peyvənd olunur
Salyan, 1 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsi uğurla icra olunur. Bu mərhələdə rayon üzrə yaşı 65 və ondan yuxarı olan 7 min 928 vətəndaşın peyvəndlənməsi nəzərdə tutulub və bu günə kimi 1269 nəfər vaksinasiyadan keçib.
AZƏRTAC xəbər verir ki, vaksinasiyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün Salyan Şəhər Mərkəzi Xəstəxanasında yaradılan peyvənd otaqlarında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) təlimatına uyğun bütün zəruri şərait yaradılıb. Vətəndaşlar heç bir çətinlik çəkmədən onlayn qaydada qeydiyyatdan keçərək vaksinasiya olunur. Onlayn qaydada qeydiyyatdan keçməyən vətəndaşlar isə birbaşa şəhər mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinə müraciət edirlər. Bundan əlavə, rayonun qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların razılığı alınaraq onların onlayn qeydiyyatdan keçməsinə köməklik göstərilir.
Vaksinasiya prosesini sürətləndirmək məqsədilə rayonun qəsəbə və kəndlərində əhalinin sıx toplaşdığı yerlərdə təbliğat-təşviqat işləri aparılır, prospekt, park və xiyabanlarda “COVID-19” virusu ilə bağlı məlumatverici lövhələr quraşdırılır və digər zəruri işlər görülür. Həyata keçirilən tədbirlər işin gedişinə müsbət təsir göstərir və hər gün rayon üzrə 450-500 nəfər peyvənd olunur.