Salyanda “Taleyim mədəniyyət” gecəsi: 70 illik ömür, 47 illik mədəniyyət yolu
Salyan, 29 iyun, AZƏRTAC
Veteran mədəniyyət işçisi Lətif Zərbəliyevin 70 illik yubileyinə həsr olunan tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Salyan Dövlət Kukla Teatrında keçirilən tədbirdə ilk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Sonra kinorejissor Kürçaylı Artın "Taleyim mədəniyyət" adlı sənədli filmi nümayiş olunub. Film ömrünün 47 ilini Azərbaycan mədəniyyətinə həsr edən Lətif Zərbəliyevin həyat və yaradıcılığından bəhs edir.
Çıxışlarda Lətif Zərbəliyevin həyat yolundan danışılıb. Qeyd olunub ki, Neftçalanın Şorkənd kəndində doğulan yubilyarın həyat yolu sonradan Salyanın Babazanlı qəsəbəsində davam edib. Bakı Mədəni-Maarif Texnikumunu və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən L.Zərbəliyev sonradan doğma Salyana qayıdaraq mədəniyyət sahəsində II dərəcəli dövlət qulluqçusu kimi rəhbər vəzifələrdə çalışıb. O, həmçinin müxtəlif xalq teatrları və dərnəklərdə aktyor kimi yaddaqalan obrazlar yaradıb. Tədbirdə yubilyara Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda Ə.Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan şəhər Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbinin solistlərinin ifasında mahnılar səsləndirilib.
Müxbir - Aydın Yavərzadə