Salyanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edildi
Salyan, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Salyan rayonunda XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində misli görünməmiş vəhşiliklər törətmişlər. Xocalının işğalı zamanı bir gecədə 613 nəfər - 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalı şəhəri yerlə-yeksan edilmişdir.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün rayonunun rəhbərləri, idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri salyanlı şəhidlərin xatirəsinə ucaldılmış xatirə kompleksinə gələrək buradakı «Əsgər anası» abidəsinin və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidəsinin önünə tər qərənfillər düzmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Sonra tədbir Salyan Dövlət Kukla Teatrında davam etdirilmişdir. Teatrın kollektivinin hazırladığı «Biz Xocalıya qayıdacağıq» adlı ədəbi-bədii kompozisiyada erməni silahlı quldur dəstələrinin Xocalıda törətdikləri vəhşilikləri sənətin dili ilə göstərməklə yanaşı, səhnə əsərində onu da vurğulamışlar ki, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
Səhnədə qoyulmuş monitorda Xocalı soyqırımına aid sənədli kino, foto, videoxronika nümayiş etdirilmiş, ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin Xocalı faciəsi ilə bağlı söylədikləri fikirlər, gördükləri işlər öz əksini tapmışdı.