ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
Bakı, 9 mart, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə Batabat Rəsədxanasının birgə təşkilatçılığı ilə astroseminar keçirilib.
Bu barədə AZƏRTAC-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Batabat Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin elmi işçisi Ülvü Vəliyev “Klassik T Buğa ulduzlarının protoplanet diskləri” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə statistik əhəmiyyətli sayda klassik T Buğa tipli ulduzlarının 0.36-100 mkm diapazonda spektral enerji paylanma (SEP) əyrilərinin tədqiqinin nəticələri verilib. Göstərilib ki, seçilmiş 49 ulduzdan yalnız 7-si (14 faiz) I tip, qalanları isə II tip SEP əyrilərinə malikdir. WTTS ulduzlarından fərqli olaraq, CTTS-lərdə III tip SEP əyriləri aşkar edilməyib.
Məruzədə proqram ulduzların fundamental parametrləri, o cümlədən, kütləsi və yaşı diqqətə çatdırılıb. Bildirilib ki, yaşı 10 milyon ilə qədər olan ulduzlarda yaşın artması ilə diskdə toz şüalanması artır.
Sonra suallar cavablandırılıb.