SAMBO ÜZRƏ ÖLKƏ ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 24-də Azərbaycan Texniki Universitetinin idman zalında yeniyetmələr arasında sambo üzrə Azərbaycan birinciliyi başlanmışdır.
Təntənəli açılış mərasimində dövlət himni səsləndirildikdən sonra Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov idmançıları salamlayaraq, ölkə çempionatının əhəmiyyətini vurğulamışdır. O demişdir ki, yarışda fərqlənmiş idmançılar yığma komandanın heyətinə cəlb olunaraq, Azərbaycanın idman şərəfini beynəlxalq yarışlarda qoruyacaqlar.
Yarışda respublikamızın 31 şəhər və rayonundan 40 komandanın heyətində 306 yeniyetmə idmançı iştirak edir.
Builki yarışda rekord nəticə qeydə alınmışdır. Əgər 2007-ci ildə Azərbaycan birinciliyində 270 idmançı iştirak etmişdisə, builki yarışda mübarizəyə 306 samboçu qoşulmuşdur.
Azərbaycan yığma komandasının baş məşqçisi Mübariz İbrahimov isə qeyd etmişdir ki, iştirakçıların sayının ilbəil artması bu idman növünə olan marağın göstəricisidir.
Ötən ili samboçularımız üçün uğurlu olduğunu geyd edən M.İbrahimov demişdir ki, beynəlxalg səviyyədə qazandığı nailiyyətlərdən asılı olmayaraq, ölkə çempionatında bütün idmançılar özünü doğrultmalıdırlar. Yalnız bundan sonra milli komandanın heyəti formalaşdırılacaq və onlar ölkəmizi beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında təmsil etmək hüququ qazanacaqlar.
Gənclər arasında dünya brinciliyinin qalibi Muxtar Arazov (73 kq) zədə üzündən ölkə çempionatında iştirak edə bilmir.
Qeyd edək ki, yanvarın 26-da döşək üzərinə gənclər, 27-də isə yaşlı idmançılar çıxacaqlar.