Şamil Ayrım: Qərbi azərbaycanlılara qarşı haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir

Antalya, 11 aprel, Günel Karatepe, AZƏRTAC
Qərbi azərbaycanlılar son iki əsrin müxtəlif dövrlərində öz doğma yurd-yuvalarından didərgin salınıblar. Ermənilər tərəfindən törədilən bu deportasiyanın son qurbanları 1990-cı illərdə evlərindən çıxarılaraq vəhşicə qovulublar. Onların arasında Azərbaycanla yanaşı, Türkiyəyə də gələnlər olub. Hətta Avropa ölkələrində yaşayanlar da var. Bütün bunlar insanların yaşadıqları bir həqiqətdir və dünya bundan xəbərdar olmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ifadə edib.
Antalyada keçirilən IV Diplomatiya Forumunda Qərbi Azərbaycan həqiqətlərinin dilə gətirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Şamil Ayrım azərbaycanlılara qarşı törədilən haqsızlıqların dünya ictimaiyyətinə çatdırılmasının olduqca vacib məsələ olduğunu deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin apardığı doğru siyasətin təzahürü olaraq, Vətən müharibəsi nəticəsində əldə edilən Zəfərdən sonra artıq Qarabağ problemi aradan qalxdı. Bunun ardından qarabağlıların öz doğma yurd-yuvalarına qayıtması təbii olaraq Qərbi azərbaycanlıların da öz evlərinə geri dönmələri məsələsini ortaya qoydu. Bu insanların evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaları ilə bağlı Azərbaycanın beynəlxalq hüquq əsasında başladığı fəaliyyət təqdirəlayiq haldır. Çünki Qərbi azərbaycanlılar da ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarının qurbanlarıdırlar. Bu istiqamətdə Qərbi Azərbaycan İcması olduqca mühüm addımlar atır. Bu gün biz də Türkiyə ilə yanaşı, digər yerlərdə bu həqiqətləri insanların diqqətinə çatdırmaq, dünya ictimaiyyətini məlumatlandırmağa çalışırıq. İnsanların öz evlərindən qovulması çox böyük ədalətsizlikdir. Bunun onlar üçün nə qədər böyük ağrı-acı olduğunu təsəvvür belə etmək çətindir. Bu baxımdan bu insanların yanında olmağımız, onların doğma yurd-yuvalarına qayıtmaq istəyinə dəstək verməyimiz bəşəri ədalətin təmini olar”.